Müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və sertifikatlaşdırma prosesi barədə məlumatlılığın artırılması məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda maarifləndirici görüşlərə start verilib. Bu çərçivədə Saatlı rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlərin iştirakı ilə sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş təşkil olunub.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları Mirhəmid Bağırov və Ceyhun Əsədov iştirak edərək müəllimlərə sertifikatlaşdırma qaydaları haqqında ətraflı məlumat veriblər. Tədbir zamanı sertifikatlaşdırma prosesinin mərhələləri, imtahan və müsahibə mərhələlərinin məzmunu, metodika və pedaqogika üzrə əsas mövzular, sual sayı və imtahanın strukturuna dair vacib məqamlar müəllimlərin diqqətinə çatdırılıb.
Çıxış edənlər sertifikatlaşdırmanın müəllimlərin peşəkar səriştələrinin qiymətləndirilməsi və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, bu proses müəllimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə, tədrisin keyfiyyətinin artırılmasına və təhsil sistemində müasir yanaşmaların tətbiqinə töhfə verir.
Görüş çərçivəsində sertifikatlaşdırmanın mərhələləri və məzmunu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub, müəllimlər üçün nəzərdə tutulan əlavə dəstək mexanizmləri barədə məlumat verilib. Həmçinin imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.
Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırma prosesi barədə daha geniş məlumatlandırılması məqsədilə bu kimi maarifləndirici görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.