Sabirabad rayonunda müəllimlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən növbəti maarifləndirici görüş bir daha göstərdi ki, təhsildə keyfiyyətin artırılması istiqamətində atılan addımlar sistemli və məqsədyönlü şəkildə davam etdirilir.
Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan bu görüş, müəllimlərin peşəkar inkişafına dəstək vermək və onları sertifikatlaşdırma prosesi barədə daha ətraflı məlumatlandırmaq məqsədi daşıyıb.
Tədbir Sabirabad rayonu üzrə təhsil sektoruna tabe olan ümumtəhsil məktəblərində çalışan müəllimlərin geniş iştirakı ilə keçirilib. Görüş zamanı Regional Təhsil İdarəsinin əməkdaşları Mirhəmid Bağırov və Ceyhun Əsədov çıxış edərək sertifikatlaşdırma prosesinin bütün mərhələlərini müəllimlərə aydın və əhatəli şəkildə izah ediblər. Onlar imtahan və müsahibə mərhələlərinin məzmunu, metodika və pedaqogika üzrə əsas istiqamətlər, həmçinin imtahanın strukturu və sualların sayı barədə vacib məlumatları diqqətə çatdırıblar.
Çıxışlarda xüsusilə vurğulanıb ki, müəllimlərin sertifikatlaşdırılması yalnız qiymətləndirmə mexanizmi deyil, eyni zamanda onların peşəkar inkişafını stimullaşdıran mühüm bir prosesdir. Bu yanaşma müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirməyə, müasir tədris metodlarını mənimsəməyə və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Görüş zamanı müəllimləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, sertifikatlaşdırma ilə bağlı müxtəlif praktiki məsələlər müzakirə olunub. Eyni zamanda, müəllimlərə bu prosesdə dəstək olacaq əlavə mexanizmlər barədə də məlumat verilib. İştirakçıların fikir və təklifləri diqqətlə dinlənilərək gələcək fəaliyyətlər üçün nəzərə alınıb.
Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı daha geniş məlumatlandırılması və onların bu istiqamətdə hazırlığının gücləndirilməsi məqsədilə belə maarifləndirici görüşlərin digər rayonlarda da davam etdirilməsi planlaşdırılır.