02.04.2026

“Məktəbdə davranış qaydaları” mövzusunda maarifləndirici tədbirlər davam edir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin etik davranış vərdişlərinin formalaşdırılması və məktəb mühitində sağlam münasibətlərin inkişaf etdirilməsi məqsədilə “Məktəbdə davranış qaydaları” adlı maarifləndirici tədbirlər keçirilir.

 

Tədbirlərdə məktəblərin pedaqoji heyəti ilə yanaşı, şagirdlər də fəal iştirak edirlər. Görüşlər zamanı çıxış edən müəllimlər şagirdlərə məktəb daxilində və ictimai mühitdə düzgün davranışın əhəmiyyəti, qarşılıqlı hörmət, nizam-intizam, məsuliyyət hissi və etik ünsiyyət qaydaları barədə ətraflı məlumat verirlər. Bildirilir ki, düzgün davranış qaydalarına riayət olunması həm tədris prosesinin keyfiyyətinə müsbət təsir göstərir, həm də şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

 

Tədbirlər interaktiv müzakirələr, sual-cavab sessiyaları və real həyat nümunələri əsasında təşkil olunur ki, bu da şagirdlərin mövzuya marağını artırır və onların fəal iştirakını təmin edir. Şagirdlər öz fikirlərini bölüşür, qarşılaşdıqları situasiyalar barədə danışır və düzgün davranış modelləri üzərində birgə müzakirələr aparırlar.

 

Maarifləndirici görüşlərin sonunda məktəblilərə mövzu ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilir. Bu video materiallar vasitəsilə şagirdlər gündəlik məktəb həyatında qarşılaşa biləcəkləri müxtəlif situasiyalarda necə davranmalı olduqlarını vizual şəkildə izləyərək daha yaxşı mənimsəyirlər.


Açar sözlər: ,  ,  ,