02.04.2026

“Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi uğurla təşkil olunub

Beyləqan rayonunda gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və hərbi biliklərinin artırılması məqsədilə “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi uğurla təşkil olunub. Tədbir Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində keçirilib və iştirakçılar üçün həm maraqlı, həm də öyrədici anlarla yadda qalıb.

 

Yarışda rayonun sərhədyanı yaşayış məntəqələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. Gənclər müxtəlif mərhələlər üzrə öz bilik və bacarıqlarını sınamaq imkanı əldə edərək hərbi hazırlıq sahəsində ciddi rəqabət nümayiş etdiriblər.

 

İştirakçılar sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə dəqiq atəş açılması, eləcə də yaralanmış hərbçiyə ilkin tibbi yardımın göstərilməsi kimi mühüm tapşırıqları yerinə yetiriblər. Bu mərhələlər şagirdlərin həm fiziki hazırlığını, həm də operativ düşünmə və komandada işləmək bacarıqlarını üzə çıxarıb.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, Birinci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Şahin” komandası I yerə layiq görülüb. Birinci Şahsevən kəndi Fazil Miriyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin “Zirvə” komandası II yeri tutub. Aqil Budaqov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin “Boz Qurd” komandası isə III yerin qalibi olub.

 

Qeyd edək ki, birinci yerin sahibi olan “Şahin” komandası növbəti mərhələdə – zona turunda Beyləqan rayonunu təmsil etmək hüququ qazanıb. Bu isə gənclər üçün həm böyük məsuliyyət, həm də yeni uğurlara aparan mühüm bir addımdır.

 

Yarışın sonunda qalib komandalar diplom və fəxri fərmanlarla təltif olunublar. Tədbir iştirakçıları üçün bu cür hərbi-idman oyunlarının keçirilməsi onların vətənə bağlılıq hissinin möhkəmlənməsində, fiziki və mənəvi hazırlıqlarının inkişafında, eyni zamanda gələcəkdə hərbi xidmətə marağın artırılmasında mühüm rol oynayır.


Açar sözlər: ,  ,