Tədbirdə məktəb direktorları, direktor müavinləri, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri, eləcə də VI siniflərdə tədris dilini və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli də iştirak edərək çıxışlar ediblər.
Tədbirin əsas məqsədi IV və VI siniflər üzrə cari ilin may ayında keçirilməsi nəzərdə tutulan respublika səviyyəli monitorinqlərə hazırlıq vəziyyətini müzakirə etmək, mövcud vəziyyəti təhlil etmək və qısa müddət ərzində şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, tədris prosesindəki boşluqların aradan qaldırılması və təhsilin keyfiyyət göstəricilərində sürətli inkişafın təmin edilməsi olub.
Görüş zamanı çıxış edən Bəhruz Nəbili təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet məsələ olduğunu vurğulayıb. O, qeyd edib ki, monitorinqlər yalnız nəticələrin ölçülməsi deyil, eyni zamanda məktəblərdə tədris prosesinin güclü və zəif tərəflərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır. İdarə müdiri müəllimləri daha fəal, məqsədyönlü və nəticəyönümlü fəaliyyət göstərməyə çağırıb, şagirdlərin bilik və bacarıqlarının inkişafında müasir yanaşmaların tətbiqinin vacibliyini xüsusi qeyd edib. İdarə müdiri bildirib ki, müəllimlərin fəaliyyətinin düzgün stimullaşdırılması və şagirdlərlə fərdi işin gücləndirilməsi may ayındakı nəticələrə birbaşa təsir göstərəcək. O, direktorların bu prosesdəki məsuliyyətini xatırladaraq, məktəbdaxili nəzarət mexanizmlərinin effektivliyinin artırılmasını tapşırıb.
Cavid Məmmədli isə öz çıxışında tədrisin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metodiki dəstəyin artırılmasının önəmini diqqətə çatdırıb. O, müəllimlərin dərs prosesində diferensial yanaşmadan istifadə etməsinin, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almasının və qiymətləndirmə meyarlarına uyğun fəaliyyət qurmasının vacibliyini vurğulayıb. Həmçinin qarşıdakı monitorinqlərə qədər olan müddətdə intensiv hazırlıq işlərinin aparılmasının əhəmiyyətindən bəhs edib. Cavid Məmmədli geniş təqdimatla çıxış edərək 4-cü və 6-cı siniflərdə keçiriləcək monitorinqlərin spesifikasiyası, sual tipləri və qiymətləndirmə meyarları barədə müəllimlərə ətraflı məlumat verib. O, xüsusilə riyaziyyat və ana dili fənləri üzrə şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş interaktiv müzakirələrlə davam edib. Müəllimlər qarşılaşdıqları çətinlikləri səsləndirib, təklif və fikirlərini bölüşüblər. Tədbir çərçivəsində monitorinqə hazırlıqla bağlı tövsiyələr verilib, praktiki yanaşmalar müzakirə olunub və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyən edilib.