İmişli rayonunda gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və hərbi biliklərinin artırılması məqsədilə “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi uğurla təşkil olunub.
Tədbir Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində keçirilib və iştirakçılar üçün həm maraqlı, həm də öyrədici anlarla yadda qalıb.
Yarışda rayonun sərhədyanı yaşayış məntəqələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. Gənclər müxtəlif mərhələlər üzrə öz bilik və bacarıqlarını sınamaq imkanı əldə edərək hərbi hazırlıq sahəsində ciddi rəqabət nümayiş etdiriblər.
İştirakçılar sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə dəqiq atəş açılması, eləcə də yaralanmış hərbçiyə ilkin tibbi yardımın göstərilməsi kimi mühüm tapşırıqları yerinə yetiriblər. Bu mərhələlər şagirdlərin həm fiziki hazırlığını, həm də operativ düşünmə və komandada işləmək bacarıqlarını üzə çıxarıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, Habil Hüseynov adına Qızılkənd kənd tam orta ümumtəhsil məktəbin “Turan” komandası I yerə layiq görülüb. Aranlı kəndi Yusif Sadatxanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin “Aran” komandası II yeri tutub. Fərhad Quliyev adına Çaxırlı kənd tam orta ümumtəhsil məktəbin “Sərhədçi” komandası isə III yerin qalibi olub.
Qeyd edək ki, birinci yerin sahibi olan “Turan” komandası növbəti mərhələdə - zona turunda İmişli rayonunu təmsil etmək hüququ qazanıb.
Yarışın sonunda qalib komandalar diplom və fəxri fərmanlarla təltif olunublar. Tədbir iştirakçıları üçün bu cür hərbi-idman oyunlarının keçirilməsi onların vətənə bağlılıq hissinin möhkəmlənməsində, fiziki və mənəvi hazırlıqlarının inkişafında, eyni zamanda gələcəkdə hərbi xidmətə marağın artırılmasında mühüm rol oynayır.