Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov İmişli rayonunun Cəfərli kəndində yerləşən bir neçə ümumtəhsil məktəbinə səfər edib.
Səfər çərçivəsində Tərlan İsmayılov adına 1 nömrəli, Fazil Rəhimov adına 2 nömrəli və Süleyman Məmmədov adına 3 nömrəli tam orta məktəblərdə tədris mühiti yerində müşahidə olunub.
Səfərin əsas məqsədi məktəblərdə tədris prosesinin təşkili, şagirdlərin dərsə davamiyyəti və ümumi nizam-intizam vəziyyətinin yaxından öyrənilməsi olub. Bu istiqamətdə Rabil Şahbazov dərs proseslərini izləyib, müəllimlərlə fikir mübadiləsi aparıb və mövcud vəziyyətlə bağlı tövsiyələrini bölüşüb.
Görüşlər zamanı tədris resurslarından səmərəli istifadə, təhsilin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətlərinin yüksəldilməsi kimi mühüm məsələlər müzakirə edilib. Məktəb rəhbərləri və pedaqoji heyətlə aparılan səmimi dialoq qarşılıqlı anlaşma şəraitində keçib.
R. Şahbazov məktəb kollektivinin fikirlərini diqqətlə dinləyərək onları narahat edən məsələlərə münasibət bildirib və praktik tövsiyələr verib. Onun sözlərinə görə, bu cür yerində baxışlar təhsil müəssisələrinin real ehtiyaclarını daha dəqiq müəyyənləşdirməyə və operativ qərarların qəbuluna şərait yaradır.
Qeyd edək ki, Regional Təhsil İdarəsi rəhbərliyinin məktəblərə əvvəlcədən planlaşdırılmadan etdiyi bu cür səfərlər müəllimlər, şagirdlər və valideynlər tərəfindən müsbət qarşılanır. Bu yanaşma təhsil prosesində şəffaflığın və səmərəliliyin artırılmasına xidmət edir. Bildirilib ki, belə görüşlərin davamlı olaraq təşkili nəzərdə tutulur.