Beyləqan rayonunda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə uşaq bağçalarının müdirləri ilə görüş keçirilib. Görüşdə bağçalarda idarəetmənin müasir tələblərə uyğun qurulması, sənədləşmə işinin düzgün təşkili və uşaqların gündəlik qida təminatının keyfiyyətli şəkildə həyata keçirilməsi kimi mühüm məsələlər müzakirə olunub.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Maliyyə-İqtisadiyyat sektorunun müdiri Rahim Hüseynov, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov və Maliyyə-İqtisadiyyat sektorunun aparıcı məsləhətçisi Rüfət Şükürov iştirak edərək çıxışlarında qeyd olunan istiqamətlərin əhəmiyyətindən danışıblar.
Görüş çərçivəsində “Bağçalarda kargüzarlıq işlərinin aparılması, sənədlərin hazırlanması və düzgün tərtibatı” mövzusu geniş şəkildə izah olunub. Bildirilib ki, sənədləşmə işinin şəffaf, dəqiq və normativ tələblərə uyğun qurulması idarəetmənin əsas sütunlarından biridir. Bu istiqamətdə bağça müdirlərinə praktiki tövsiyələr verilib, tez-tez rast gəlinən nöqsanlar diqqətə çatdırılıb və onların aradan qaldırılması yolları izah olunub.
Eyni zamanda əmək münasibətlərinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, əmək qanunvericiliyinə düzgün əməl olunması, işçilərlə münasibətlərin hüquqi çərçivədə qurulması və sənədlərin düzgün rəsmiləşdirilməsi müəssisədaxili sağlam iş mühitinin formalaşmasında mühüm rol oynayır.
Görüşün digər əsas mövzusu “Qidanın qəbulu və verilməsi” prosesi olub. Bu istiqamətdə uşaqların sağlam və balanslı qidalanmasının təmin edilməsi, ərzaq məhsullarının qəbulunda keyfiyyətə nəzarət, saxlanma qaydaları və gündəlik paylanma prosesinin düzgün təşkili kimi məsələlər ətraflı şəkildə müzakirə edilib. Vurğulanıb ki, məktəbəqədər yaşlı uşaqların sağlam inkişafı üçün qida təhlükəsizliyi və gigiyenik normalara ciddi riayət olunması vacibdir.
Sonda vurğulanıb ki, uşaqların sağlam, təhlükəsiz və keyfiyyətli mühitdə təhsil və tərbiyə alması üçün bütün tərəflərin birgə və məsuliyyətli fəaliyyəti əsas şərtdir.