Beyləqan rayonunda fəaliyyət göstərən bir qrup ümumi təhsil müəssisəsinin rəhbər və pedaqoji heyətinin iştirakı ilə görüş keçirilib. Görüşdə məktəb direktorları, direktor müavinləri, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri, eləcə də VI siniflərdə tədris dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər. Bu, müzakirələrin həm əhatəli, həm də praktik baxımdan səmərəli keçməsinə şərait yaradıb.
Görüşün əsas məqsədi IV və VI siniflər üzrə cari ilin may ayında keçirilməsi planlaşdırılan respublika səviyyəli monitorinqlərə hazırlıq vəziyyətini müzakirə etmək olub. Bu çərçivədə mövcud vəziyyət təhlil edilib, məktəblərdə tədrisin keyfiyyəti, şagird nailiyyətləri və qarşıya çıxan çətinliklər ətraflı şəkildə nəzərdən keçirilib. Xüsusilə ibtidai və əsas təhsil pilləsində baza biliklərinin formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilib.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov iştirak edərək çıxışlarında təhsilin keyfiyyətinin artırılmasının prioritet istiqamətlərindən danışıblar. Onlar qeyd ediblər ki, müasir dövrdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi yalnız nəticələrin yoxlanılması deyil, həm də tədris prosesinin təkmilləşdirilməsi üçün mühüm alətdir.
Müzakirələr zamanı müəllimlərin qarşılaşdıqları problemlər, tədris prosesində mövcud boşluqlar və onların aradan qaldırılması yolları üzərində dayanılıb. Bəhruz Nəbili bildirilib ki, qısa müddət ərzində məqsədyönlü tədbirlər həyata keçirməklə şagirdlərin bilik səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür. Bunun üçün diferensial yanaşmanın tətbiqi, əlavə məşğələlərin təşkili və qiymətləndirmə nəticələrinin düzgün təhlili xüsusi önəm daşıyır.
Eyni zamanda görüşdə IX siniflər üzrə keçiriləcək buraxılış imtahanına hazırlıq məsələsi də geniş müzakirə olunub. Şagirdlərin mövcud hazırlıq səviyyəsi qiymətləndirilib, onların imtahanlara daha effektiv hazırlaşması üçün məktəblər qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Bu istiqamətdə müəllim-valideyn əməkdaşlığının gücləndirilməsinin vacibliyi də vurğulanıb.
Tədbir iştirakçıları qarşıya qoyulan hədəflərə nail olmaq üçün birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini ifadə ediblər.