08.04.2026

Şagirdlər Qobustan Bölgə Təcrübə Aqro Stansiyasına təcrübə səfəri həyata keçiriblər

Saatlı rayonunun kənd məktəblərində təhsil alan şagirdlərin aqrar sahəyə marağının artırılması və nəzəri biliklərinin praktik müstəvidə möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

 

Adil Çaxoyev adına Fətəlikənd kənd və Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər Qobustan Bölgə Təcrübə Aqro Stansiyasına təcrübə səfəri həyata keçiriblər.

 

Səfərin əsas məqsədi şagirdlərin kənd təsərrüfatı sahəsində qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq etmək, onları müasir aqrar texnologiyalar və innovativ yanaşmalarla yaxından tanış etmək olub. Təcrübə zamanı şagirdlər müəssisənin müxtəlif istehsal sahələrinə baş çəkərək burada həyata keçirilən texnoloji prosesləri əyani şəkildə izləyiblər.

 

Praktiki məşğələlər çərçivəsində iştirakçılar aqronom köməkçilərinin bitkiçilik və torpaqşünaslıq sahəsində apardıqları işlərlə tanış olub, torpağın analizi, bitki becərilməsi və məhsuldarlığın artırılması üsulları barədə ətraflı məlumat əldə ediblər. Müasir kənd təsərrüfatında istifadə olunan texnika və innovativ həllər şagirdlərdə xüsusi maraq doğurub.

 

Bununla yanaşı, səfər zamanı sahə mütəxəssisləri ilə keçirilən interaktiv görüşlər şagirdlər üçün xüsusilə faydalı olub. Onlar birbaşa sual-cavab sessiyalarında iştirak edərək maraqlandıqları mövzular üzrə ətraflı izahatlar alıb, gələcək peşə seçimləri ilə bağlı daha aydın təsəvvür formalaşdırıblar.

 

Səfər çərçivəsində ekoloji mühitin qorunması, davamlı kənd təsərrüfatı prinsipləri və təbii resurslardan səmərəli istifadə kimi aktual mövzular da diqqət mərkəzində olub. Aparılan müzakirələr şagirdlərin ekoloji düşüncəsinin formalaşmasına və məsuliyyətli yanaşmanın güclənməsinə töhfə verib.


Açar sözlər: ,  ,