08.04.2026

“Oxu dəqiqələri” layihəsi uğurla davam etdirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəyə marağının artırılması və oxu vərdişlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən “Oxu dəqiqələri” layihəsi uğurla davam etdirilir.

 

Layihə məktəblərdə kitab mühitinin canlandırılmasına, şagirdlərin düşünən və müzakirə edən fərd kimi formalaşmasına xidmət edən vacib təşəbbüslərdən biri kimi diqqət çəkir.

 

“Oxu dəqiqələri” çərçivəsində müxtəlif yaş qruplarından olan şagirdlər üçün onların maraq dairəsinə, psixoloji xüsusiyyətlərinə və inkişaf səviyyələrinə uyğun bədii mətnlər seçilir. Mətnlərin seçimində məqsəd yalnız oxu prosesini təşkil etmək deyil, eyni zamanda uşaqları kitabın sehrli dünyasına yaxınlaşdırmaq, onların təxəyyülünü zənginləşdirmək və mütaliəni gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirməkdir.

 

Layihə çərçivəsində keçirilən oxu saatları xüsusi interaktivliyi ilə seçilir. Şagirdlər oxuduqları əsərlər ətrafında sərbəst müzakirələr aparır, personajların davranışlarını təhlil edir, hadisələrin inkişafına münasibət bildirir və əsərin əsas ideyası ilə bağlı öz düşüncələrini bölüşürlər. Bu proses onların yalnız oxu bacarıqlarını deyil, həm də analitik təfəkkürünü, məntiqi düşünmə qabiliyyətini inkişaf etdirir.

 

Eyni zamanda, “Oxu dəqiqələri” şagirdlərin nitq mədəniyyətinin formalaşmasına, fikirlərini səlis və əsaslandırılmış şəkildə ifadə etmə bacarıqlarının artmasına da mühüm töhfə verir. Müzakirələr zamanı yaranan açıq və dəstəkləyici mühit uşaqlarda özünə inam hissini gücləndirir, onları daha fəal və təşəbbüskar olmağa ruhlandırır.


Açar sözlər: ,  ,