08.04.2026

İmişli rayonunda müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı növbəti maarifləndirici görüş təşkil olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirin məqsədi müəllimlərin peşəkar inkişafına dəstək göstərmək, eyni zamanda onları sertifikatlaşdırma prosesi barədə daha ətraflı və sistemli şəkildə məlumatlandırmaq olub.

 

Görüş İmişli rayonu üzrə təhsil sektoruna tabe olan ümumtəhsil məktəblərində çalışan müəllimlərin geniş iştirakı ilə baş tutub. Tədbir boyunca açıq dialoq və qarşılıqlı fikir mübadiləsi üçün əlverişli şərait yaradılıb ki, bu da iştirakçıların mövzuya daha yaxından bələd olmalarına imkan verib.

 

Maarifləndirici görüşdə Regional Təhsil İdarəsinin əməkdaşları Mirhəmid Bağırov və Ceyhun Əsədov çıxış edərək sertifikatlaşdırma prosesinin bütün mərhələlərini ətraflı şəkildə izah ediblər. Onlar müəllimlərə imtahan və müsahibə mərhələlərinin məzmunu, qiymətləndirmə meyarları, metodika və pedaqogika üzrə əsas istiqamətlər barədə dolğun məlumat veriblər. Bununla yanaşı, imtahanın strukturu, sualların sayı və formatı kimi praktik məqamlar da diqqətə çatdırılıb.

 

Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, sertifikatlaşdırma yalnız qiymətləndirmə vasitəsi deyil, həm də müəllimlərin bilik və bacarıqlarının inkişafına təkan verən mühüm mexanizmdir. Bu proses müəllimlərin öz üzərində işləməsini təşviq edir, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir və ümumilikdə təhsil sisteminin inkişafına müsbət təsir göstərir.

 

Tədbirin sonunda müəllimlərin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. İştirakçılar belə görüşlərin praktik əhəmiyyətini yüksək qiymətləndirərək, bu cür maarifləndirici tədbirlərin davamlı təşkil olunmasının vacibliyini qeyd ediblər.


Açar sözlər: ,  ,