09.04.2026

Gənclərin hərbi təhsilə marağının artırılması istiqamətində maarifləndirici görüşlər keçirilib

Gənclərin hərbi təhsilə marağının artırılması, onların gələcək karyera seçimində düzgün istiqamətləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlərdə Milli Müdafiə Universiteti tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında yerləşən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri, 9 və 11-ci sinif şagirdləri iştirak ediblər.

 

Tədbirlər zamanı iştirakçılara Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə geniş və ətraflı məlumat təqdim olunub. Görüşlərdə çıxış edən universitetin əməkdaşı Rəsul Rəsulov hərbi təhsil müəssisələrinə qəbul qaydaları, namizədlər üçün müəyyən edilmiş əsas tələblər, sənəd qəbulu prosesi və elektron müraciət mərhələləri haqqında dolğun izah verib. O, həmçinin hərbi təhsil alan kursantlara təqdim olunan sosial təminatlar, dövlət tərəfindən göstərilən qayğı, müxtəlif güzəştlər və imtiyazlar barədə də iştirakçıları məlumatlandırıb.

 

Çıxışlar zamanı xüsusi vurğulanıb ki, hərbi təhsil sistemi yalnız peşəkar zabit hazırlığı ilə məhdudlaşmır. Bu sistem eyni zamanda gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır, onlarda yüksək intizam, məsuliyyət hissi, liderlik bacarıqları və ən əsası, güclü vətənpərvərlik ruhu aşılayır. Qeyd olunub ki, hərbi təhsil alan gənclər gələcəkdə yalnız ölkənin müdafiəsində deyil, müxtəlif idarəetmə və strateji sahələrdə də uğurla fəaliyyət göstərə biləcək potensiala malik olurlar.

 

Görüşlər çərçivəsində iştirakçılara hərbi sahədə mövcud olan karyera imkanları, beynəlxalq əməkdaşlıq proqramları, xarici təhsil və təcrübə imkanları barədə də məlumat verilib. Bildirilib ki, müasir dövrdə hərbi təhsil həm də texnologiya, idarəetmə və strateji düşüncə kimi sahələri əhatə edən kompleks bir inkişaf platformasıdır.

 

İnteraktiv formatda təşkil olunan görüşlər gənclərin böyük marağına səbəb olub. Şagirdlər onları düşündürən sualları səsləndirib, hərbi təhsil, qəbul prosesi və gələcək perspektivlərlə bağlı fikirlərini bölüşüblər. Verilən bütün suallar nümayəndə tərəfindən ətraflı və aydın şəkildə cavablandırılıb, iştirakçıların məlumatlılığının artırılmasına xüsusi diqqət yetirilib.


Açar sözlər: ,  ,  ,