Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində silsilə maarifləndirici tədbirlər təşkil olunur.
Keçirilən tədbirlərin məqsədi şagirdlərdə şəhərsalma anlayışını formalaşdırmaq, müasir urbanizasiya prosesləri haqqında onların biliklərini artırmaq və şəhərlərin düzgün planlaşdırılmasının cəmiyyət həyatındakı mühüm rolunu izah etməkdir.
Tədbirlərdə məktəblərin müəllim və şagird kollektivi fəal iştirak edir. Çıxışlar zamanı şəhərlərin inkişafında memarlığın rolu, müasir infrastrukturun qurulmasının əhəmiyyəti, həmçinin ekoloji tarazlığın qorunmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, düzgün və planlı şəkildə qurulan şəhərlər yalnız rahat yaşayış mühiti yaratmaqla kifayətlənmir, eyni zamanda insanların sosial rifahına, sağlam həyat tərzinə və ümumi həyat keyfiyyətinə müsbət təsir göstərir.
Maarifləndirici görüşlər zamanı şəhərsalmanın əsas prinsipləri şagirdlərə ətraflı şəkildə izah olunub. Qeyd edilib ki, yaşayış zonalarının düzgün təşkili, nəqliyyat infrastrukturunun səmərəli planlaşdırılması, yaşıllıq sahələrinin artırılması və dayanıqlı şəhər mühitinin yaradılması müasir dövrün ən vacib prioritetlərindəndir. Xüsusilə vurğulanıb ki, urbanizasiya proseslərinin sürətləndiyi bir şəraitdə şəhərlərin planlı inkişafı gələcək nəsillər üçün sağlam, təhlükəsiz və komfortlu mühitin təmin edilməsində həlledici rol oynayır.
Tədbirlər çərçivəsində şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib və sualları ətraflı cavablandırılıb. Şagirdlər şəhərlərin gələcək inkişafı, ekoloji problemlərin həlli və innovativ memarlıq yanaşmaları ilə bağlı maraqlı ideyalar irəli sürüblər.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərin davamlı olması isə gələcəkdə daha sağlam, estetik və dayanıqlı şəhər mühitinin qurulmasına xidmət edir.