09.04.2026

İmişli rayonunda “Şahin” hərbi-idman oyununun rayon mərhələsinin təşkili ilə bağlı görüş keçirilib

Görüş rayonun ümumi təhsil müəssisələrində fəaliyyət göstərən gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin iştirakı ilə keçirilib. Tədbir zamanı cari il üçün “Şahin” hərbi-idman oyununun rayon mərhələsinin yüksək səviyyədə təşkili, iştirakçı komandaların qeydiyyat prosesi, hazırlıq mərhələləri və digər vacib məsələlər geniş müzakirə olunub.

 

Çıxış edənlər qeyd ediblər ki, “Şahin” hərbi-idman oyunu yalnız yarış xarakteri daşımır, eyni zamanda gənclərin fiziki hazırlığının artırılması, onların vətənə bağlılıq hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, bu cür tədbirlər yeniyetmələrdə intizam, məsuliyyət, komanda ruhu və liderlik keyfiyyətlərinin formalaşmasına müsbət təsir göstərir.

 

Görüşdə xüsusi vurğulanıb ki, layihənin əsas məqsədi yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi, onların hərbi bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də çağırışaqədərki hazırlıq fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsidir. Bu istiqamətdə məktəblərin üzərinə düşən vəzifələr, hazırlıq prosesində diqqət yetirilməli məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

 

Eyni zamanda, yarışın təşkili zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının, şəffaf və obyektiv qiymətləndirmə mexanizminin təmin edilməsinin vacibliyi də qeyd edilib. İştirakçı komandaların düzgün hazırlanması, onların motivasiyasının artırılması və yarışa marağın gücləndirilməsi üçün müvafiq tövsiyələr verilib.


Açar sözlər: ,  ,  ,