Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri arasında keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri üzrə region mərhələsi keçirilib.
Layihə Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilir və ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin intellektual potensialının inkişafına, onların sağlam rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirməsinə xidmət edir.
Öncə Ümümmilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində çıxış edənlər iştirakçıları salamlayaraq olimpiadanın əhəmiyyətindən söz açıb, yarışın qaydaları və əsasnaməsi barədə ətraflı məlumat veriblər. Şagirdlərə uğurlar arzulanıb, onların gələcək nailiyyətlərinin ölkənin intellektual inkişafına töhfə verəcəyi vurğulanıb.
Turnirdə Mil-Muğan Regional Təhsil İdarəsini təmsil edən Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından hər biri 2 oğlan və 2 qız olmaqla formalaşdırılmış komandalar iştirak ediblər. Yarışlar beynəlxalq FIDE qaydalarına uyğun şəkildə keçirilib ki, bu da mübarizənin şəffaf və ədalətli aparılmasını təmin edib.
Gərgin və maraqlı keçən qarşılaşmaların nəticələrinə əsasən:
Beyləqan rayon komandası I yerə layiq görülüb,
Saatlı rayon komandası II olub,
İmişli rayon komandası III yeri tutub,
Sabirabad rayon komandası isə IV yerdə qərarlaşıb.
Qalib Beyləqan komandası növbəti mərhələdə – paytaxt Bakı şəhərində keçiriləcək respublika mərhələsində Mil-Muğan Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.
Olimpiadanın keçirilməsində məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.