14.04.2026

“Milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbirlər keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Milli-mənəvi dəyərlərimiz” mövzusuna həsr olunmuş silsilə maarifləndirici tədbirlər uğurla davam edir. Bu təşəbbüs gənc nəslin mənəvi dünyasının zənginləşdirilməsi, onların milli kimlik şüurunun möhkəmləndirilməsi və ümumbəşəri dəyərlərlə vəhdətdə yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Tədbirlərin məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissini gücləndirmək, onların mənəvi inkişafına töhfə vermək, eyni zamanda xalqımızın zəngin mədəni və tarixi irsinin təbliğini təmin etməkdir. Bu çərçivədə keçirilən görüşlərdə müəllimlər tərəfindən mövzu ətrafında ətraflı çıxışlar edilib, milli-mənəvi dəyərləri özündə əks etdirən videoçarxlar, filmlər nümayiş olunub, şagirdlərlə interaktiv müzakirələr aparılıb.

 

Maarifləndirici görüşlər zamanı iştirakçılar milli dəyərlərin mahiyyəti, onların cəmiyyətin formalaşmasındakı rolu və gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə geniş məlumatlandırılıb. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb və açıq dialoq mühiti yaradılıb.

 

Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik olmaqla yanaşı, hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlər boyu qoruyaraq inkişaf etdirib. Bu gün də həmin dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi mühüm vəzifələrdən biri olaraq qalır. Qeyd olunub ki, milli dəyərlər təkcə keçmişin mirası deyil, həm də müasir cəmiyyətin dayanıqlı inkişafının əsas sütunlarından biridir. Onların qorunması və təbliği gənclərin milli ruhda yetişməsinə, vətənpərvərlik hisslərinin güclənməsinə və dövlətçiliyin möhkəmləndirilməsinə birbaşa təsir göstərir.


Açar sözlər: ,  ,  ,