16.04.2026

Erkən nikahlar: gələcəyin qarşısını alan səssiz problem

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Erkən nikahlar və onların fəsadları” mövzusuda təşkil olunan görüşlərdə şagirdlərlə açıq və səmimi müzakirələr aparılır, mövzuya dair slaydlar nümayiş etdirilir.

 

Bu tədbirlərdə əsas mesaj sadə, amma düşündürücüdür: erkən yaşda qurulan ailə gələcək planların qarşısını ala bilər. Yeniyetməlik dövrü insanın özünü tanıdığı, hədəflərini müəyyənləşdirdiyi, təhsil və inkişaf yolunu seçdiyi bir mərhələdir. Məhz bu dövrdə verilən yanlış qərarlar həyatın ritmini poza, gəncin təhsilini yarımçıq qoymasına və potensialını reallaşdıra bilməməsinə səbəb ola bilər.

 

Müzakirələr zamanı erkən nikahların yalnız sosial deyil, həm də psixoloji və sağlamlıq baxımından ciddi risklər yaratdığı vurğulanır. Erkən yaşda ailə quran gənclər çox vaxt ailə məsuliyyətinə hazır olmur, bu isə münasibətlərdə anlaşılmazlıqlara, bəzən isə ailədaxili zorakılıq hallarına gətirib çıxarır. Xüsusilə qızların sağlamlığı baxımından erkən hamiləlik ciddi təhlükələr yarada bilər və bu, gələcək nəsillərin sağlamlığına birbaşa təsir edir.

 

Tədbirlərdə beynəlxalq və milli hüquqi çərçivələrə də toxunulur. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi uşaqların erkən nikahdan qorunmasını əsas hüquqlardan biri kimi müəyyən edir. Bu da göstərir ki, məsələ təkcə fərdi deyil, həm də cəmiyyət və dövlət səviyyəsində prioritetdir.


Açar sözlər: ,  ,