Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: monitorinq nəticələri nə deyir?” mövzusunda valideyn konfransı geniş müzakirələr və fəal iştirakla yadda qalıb.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, idarənin əməkdaşları, eləcə də Saatlı rayon icra hakimiyyətinin nümayəndələri iştirak edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Çıxışlarda şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinin əhəmiyyəti xüsusi vurğulanıb, aparılan monitorinqlərin nəticələri və bu nəticələrin tədrisin keyfiyyətinə təsiri ətraflı izah edilib.
Konfransda valideynləri maraqlandıran suallar ətraflı cavablandırılıb, onların təhsil prosesində daha aktiv iştirakını təmin etmək üçün praktik tövsiyələr təqdim olunub. Eyni zamanda məktəbdə həyata keçirilən yeniliklər, tətbiq olunan müasir yanaşmalar və gələcək hədəflər barədə məlumat verilib.
Çıxışlarda qeyd olunub ki, şagirdin məktəbdə göstərdiyi nəticələr birbaşa onun ailə mühiti ilə sıx bağlıdır. Sağlam və dəstəkləyici ev mühiti uşağın uğurunun əsas sütunlarından biridir. Valideynlərin övladlarının gündəlik həyatına diqqət yetirməsi, onların çətinliklərini vaxtında dinləməsi və düzgün istiqamətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqlar üçün dərs və istirahət rejiminin balanslı şəkildə qurulması, öyrənmə üçün uyğun şəraitin yaradılması onların inkişafına müsbət təsir göstərir.
Eyni zamanda bildirilib ki, müasir dövrdə texnologiya düzgün istifadə edildikdə uşaqlar üçün təhlükə deyil, əksinə, güclü öyrənmə alətinə çevrilə bilər. Xüsusilə 5-ci sinifdən etibarən formalaşan rəqəmsal bacarıqlar şagirdlərin gələcək ixtisas seçimində mühüm rol oynayır.
Tədbirdə bir daha vurğulanıb ki, hər bir uğurun arxasında sistemli əmək və davamlı dəstək dayanır. Valideyn və müəllim əməkdaşlığı isə bu uğurun əsas təminatçılarındandır. Məqsəd problemləri vaxtında aşkar etmək və birgə şəkildə həll yolları tapmaqdır.
Tədbirdə həmçinin qeyd olunub ki, keyfiyyətli təhsil ilk növbədə məktəbdə təmin edilməlidir və şagirdlərin əlavə məşğələlərə ehtiyac duymaması əsas hədəflərdən biridir. Bu isə tədrisin düzgün təşkili və bütün tərəflərin – müəllim, valideyn və şagirdin – koordinasiyalı fəaliyyətindən asılıdır.