Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 22 aprel – Beynəlxalq Yer Günü və ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Tədbir məktəbin coğrafiya müəllimi Nurlana Əsgərova tərəfindən hazırlanaraq həyata keçirilib. Əsas məqsəd şagirdlərdə ekoloji düşüncə tərzinin formalaşdırılması, ətraf mühitin qorunmasına diqqətin artırılması, eyni zamanda şəhərsalma və memarlıq sahələrinə marağın gücləndirilməsi olub.
Tədbirin açılışında çıxış edən müəllim və şagirdlər Yer kürəsinin qorunmasının qlobal əhəmiyyətindən bəhs edərək, hər bir fərdin bu istiqamətdə məsuliyyət daşıdığını vurğulayıblar. Daha sonra şagirdlər tərəfindən hazırlanan səhnəciklər təqdim olunub. Bu səhnəciklərdə Yer kürəsi, Azərbaycan və dövlət sərhədləri obrazlı şəkildə canlandırılaraq, vətənpərvərlik və ekoloji məsuliyyət mövzuları bədii formada tamaşaçılara çatdırılıb.
Tədbir çərçivəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş maarifləndirici təqdimatlar da nümayiş etdirilib. Şagirdlər müasir şəhərsalma prinsipləri, ekoloji cəhətdən davamlı yaşayış mühitinin qurulması və milli memarlıq ənənələri barədə məlumat veriblər.
Eyni zamanda tədbirdə ölkəmizin müxtəlif bölgələrinin hava şəraiti şagirdlər tərəfindən təqdim olunaraq, coğrafi biliklərin praktik tətbiqi nümayiş etdirilib.
Tədbirin yekununda “Rayonlarımızı tanıyaq” adlı yarış keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib komanda xüsusi hədiyyələrlə mükafatlandırılıb.