Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin rəqəmsal mühitdə daha təhlükəsiz davranış vərdişləri qazanması məqsədilə “Uşaqların internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilir.
Tədbirlərin əsas məqsədi məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq, onları kibergigiyena qaydaları və onlayn mühitdə qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaqdır.
Maarifləndirici görüşlər zamanı şagirdlərə “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların qorunması”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan düzgün istifadə” kimi mövzular ətrafında ətraflı məlumatlar təqdim olunur. Onlara şəxsi məlumatların paylaşılması zamanı diqqətli olmaq, güclü və etibarlı şifrələrdən istifadə etmək, şübhəli linklərdən uzaq durmaq kimi vacib məqamlar izah edilir.
Eyni zamanda, tədbirlərdə internetdən düzgün və məqsədyönlü istifadə, zərərli informasiyadan qorunma yolları, sosial platformalarda etik davranış qaydaları və texnologiyalardan səmərəli istifadə bacarıqları barədə geniş müzakirələr aparılır.
Tədbirlərin daha maraqlı və yadda qalan olması üçün videoçarxlar nümayiş etdirilir, şagirdlərin sualları cavablandırılır və interaktiv müzakirələr təşkil olunur.