21.04.2026

“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi baş tutub

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi baş tutub.

 

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, idarənin əməkdaşları və rayonların təhsil sektorlarının rəhbərləri iştirak ediblər.

 

Çıxış edənlər bu cür intellektual yarışların şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, belə təşəbbüslər gənclərin təlimə marağını artırmaqla yanaşı, onların özünəinamının formalaşmasına da müsbət təsir göstərir.

 

Bilik yarışında hər rayon üzrə 6 nəfərdən ibarət IX–XI sinif şagirdləri iştirak edib. Komandalar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, həmçinin mədəniyyət və incəsənət sahələri üzrə ünvanlanan sualları cavablandıraraq bilik və hazırlıq səviyyələrini nümayiş etdiriblər.

 

Yekun nəticələrə əsasən, Saatlı rayonu təhsil müəssisələrinin şagirdlərindən ibarət komanda region mərhələsinin qalibi olub. Qalib komanda növbəti mərhələdə – respublika turunda Mil-Muğan Regional Təhsil İdarəsini təmsil edəcək.

 

Olimpiadanın əsas məqsədi ümumtəhsil müəssisələrində şagirdlərin müxtəlif fənlərə marağını artırmaq, sağlam rəqabət mühiti yaratmaq və regionlar arasında dostluq əlaqələrini daha da gücləndirməkdir.