Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Narkomaniya və ağ ölüm” mövzusuna həsr olunmuş maarifləndirici tədbirlər davam edir.
Tədbirlərin keçirilməsində məqsəd məktəblərdə sağlam həyat tərzinin təbliği, şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması və narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsidir. Bu çərçivədə təşkil olunan görüşlərdə müəllimlər, psixoloqlar və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edərək mövzuya müxtəlif aspektlərdən yanaşıblar.
Çıxış edənlər “ağ ölüm” kimi tanınan narkomaniyanın insan həyatına vurduğu dərin zərərlərdən danışıblar. Bildirilib ki, narkotik maddələr təkcə fiziki sağlamlığa deyil, həm də insanın psixoloji vəziyyətinə, ailə münasibətlərinə və cəmiyyətə inteqrasiyasına ciddi mənfi təsir göstərir. Gənclərin bu təhlükədən qorunması üçün erkən maarifləndirmənin vacibliyi xüsusi vurğulanıb.
Görüşlərdə şagirdlərlə açıq dialoq qurulub, onların sualları cavablandırılıb, real həyat nümunələri əsasında narkomaniyanın gətirdiyi faciəvi nəticələr diqqətə çatdırılıb. Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən ardıcıl və qətiyyətli tədbirlər həyata keçirilir.