Seminarlar məktəb - valideyn əməkdaşlığını daha da gücləndirmək və şagirdlərin təhsilinə birgə dəstəyi artırmaq məqsədi daşıyır.
Seminarlarda valideynlər övladlarının təhsil göstəriciləri, inkişaf dinamikası və məktəbdaxili fəaliyyətlər barədə ətraflı məlumatlandırılır. Siniflər üzrə aparılan təhlillər çərçivəsində şagirdlərin oxu və anlama bacarıqları, ilkin riyazi biliklərinin səviyyəsi, diaqnostik qiymətləndirmə nəticələri, “Rəqəmsal bacarıqlar” layihəsində iştirak vəziyyəti, RTİ tərəfindən keçirilmiş monitorinqlərin nəticələri, həmçinin məktəbdaxili qiymətləndirmələrin (KSQ və BSQ) müqayisəli göstəriciləri valideynlərin diqqətinə çatdırılır.
Eyni zamanda seminarlarda valideynlərin məktəbin idarəolunmasında rolu, məktəb və valideyn arasında effektiv kommunikasiya, şəffaf və hesabatlı idarəetmə, nəticəyönümlü tədris yanaşmaları kimi mövzular müzakirə olunur. Şagird rifahının təmin olunması, psixoloji dəstək mexanizmləri və fərdi inkişaf üçün hədəfli dəstək imkanları barədə də geniş fikir mübadiləsi aparılır.
Bununla yanaşı, bütün siniflər üzrə keçirilən seminarlarad şagirdlərin davranış qaydaları, davamiyyət göstəriciləri, məktəbli formasına riayət olunması və ümumi nizam-intizam məsələləri də diqqət mərkəzində saxlanılır.
Hazırda davam edən bu seminarlar valideyn - məktəb əlaqələrinin möhkəmlənməsinə, şagird nailiyyətlərinin daha yaxından izlənilməsinə və ümumilikdə tədris prosesinin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.
Qeyd edək ki, valideynlərlə seminarların keçirilməsi davam etdirilir.