28.04.2026

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi uğurla keçirilib

“Şahin” hərbi-idman oyunu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən birgə təşkil olunur.

 

Yarışların açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək, məktəblilərin ilkin hərbi hazırlıq səviyyəsini artırmaq, həmçinin çağırışaqədərki hazırlıq fənninin tədrisini daha da təkmilləşdirməkdir.

 

Tədbirdə çıxış edənlər və təşkilatçı qurumların nümayəndələri “Şahin” hərbi-idman oyununun gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb, bu cür yarışların şagirdlərin milli qürur, milli ləyaqət ruhunda formalaşmasına, eləcə də onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd ediblər.

 

Yarış proqramına sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması kimi müxtəlif mərhələlər daxil edilib. Komandalar bu istiqamətlər üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

Nəticələrə əsasən:

Beyləqan rayonu üzrə Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin komandası,

İmişli rayonu üzrə Habil Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin komandası,

Saatlı rayonu üzrə Vüqar Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası,

Sabirabad şəhəri üzrə Hacı Zeynalabdin Tağıyev adına 6 nömrəli tam orta məktəbin komandası

I yerə layiq görülüblər.

 

Qalib komandalar “Şahin” hərbi-idman oyununun respublika birinciliyinin zona mərhələsində iştirak etmək hüququ qazanaraq öz rayonlarını təmsil edəcəklər.


Açar sözlər: ,  ,