İmişli rayonunda ümumi təhsil müəssisələrində şagird davranış qaydalarına riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə növbəti yoxlama həyata keçirilib. İmişli rayonu üzrə təhsil sektorunun təşkilatçılığı və İmişli Rayon Polis Şöbəsinin dəstəyi ilə keçirilən tədbir bu dəfə İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta məktəbi əhatə edib.
Yoxlama zamanı məktəbə giriş-çıxış qaydaları xüsusi diqqət mərkəzində olub. Şagirdlərin məktəb binasına daxil olması, onların məktəb heyəti tərəfindən qarşılanaraq müvafiq siniflərə yönləndirilməsi prosesi izlənilib. Eyni zamanda məktəbə gələn ziyarətçilərin qəbulu və qeydiyyatı prosedurları da nəzərdən keçirilib.
Təhlükəsizlik məsələləri çərçivəsində fövqəladə hallara hazırlıq səviyyəsi də yoxlanılıb. Məktəbdə evakuasiya planının mövcudluğu, onun əlçatan yerdə yerləşdirilməsi və təcili əlaqə nömrələrinin şagirdlər və müəllimlər üçün görünən formada təqdim edilməsi müsbət qiymətləndirilib.
Yoxlamanın bir hissəsi olaraq yetkinlik yaşına çatmayanlarla iş üzrə polis inspektoru dərs prosesinə daxil olaraq şagirdlərlə profilaktik baxış keçirib. Baxış zamanı şagirdlərin çantaları və üzərlərində olan əşyalar yoxlanılıb, məktəbə gətirilməsi qadağan olunmuş əşyaların olub-olmaması araşdırılıb. Bu əşyalara kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükə yarada biləcək vasitələr daxildir. Belə hallar aşkar edildikdə şagirdlərlə fərdi söhbətlər aparılır, eyni zamanda məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.
Yoxlama tədbiri yalnız nəzarətlə məhdudlaşmayıb, həm də maarifləndirmə istiqamətində davam etdirilib. Məktəbin 9–11-ci sinif şagirdləri ilə keçirilən görüş zamanı məktəbə gətirilməsi qadağan olunan əşyalar, dərsə davamiyyətin əhəmiyyəti və məktəbli formasına riayət olunmasının vacibliyi barədə ətraflı izahat verilib. Bununla yanaşı, şagirdlərlə aktual mövzular üzrə açıq söhbətlər aparılıb. “Narkomaniyaya qarşı mübarizə”, “Kəsici və deşici alətlərdən istifadənin qarşısının alınması” və “İnformasiya təhlükəsizliyi” kimi mövzular müzakirə olunaraq gənclərin bu sahələrdə daha məlumatlı və məsuliyyətli davranmasının önəmi vurğulanıb.