Ümumi təhsil müəssisələrində sağlam, təhlükəsiz və səmərəli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bu çərçivədə şagirdlərin nizam-intizam və davranış qaydalarına riayət etmələrinin əhəmiyyəti barədə maarifləndirici görüşlər təşkil olunur.
Keçirilən görüşlərdə şagirdlərlə açıq və səmimi müzakirələr aparılır, məktəb mühitində etik davranış, qarşılıqlı hörmət, məsuliyyət hissi və kollektivdə düzgün ünsiyyətin rolu izah edilir. Onlara məktəbin daxili nizam-intizam qaydaları, dərs zamanı və tənəffüslərdə davranış normaları, müəllim və sinif yoldaşlarına münasibətdə etik prinsiplər ətraflı şəkildə çatdırılır. Eyni zamanda, qaydalara əməl etməyin yalnız tələb deyil, həm də hər bir şagirdin şəxsi inkişafına və gələcək uğurlarına xidmət etdiyi xüsusi vurğulanır.
Görüşlər zamanı şagirdlərin fikirləri dinlənilir, onların gündəlik məktəb həyatında qarşılaşdıqları çətinliklər müzakirə olunur və bu məsələlərin həlli yolları birlikdə müəyyənləşdirilir. Maarifləndirici tədbirlər çərçivəsində zorakılıq və aqressiyanın qarşısının alınması, kibertəhlükəsizlik, sağlam ünsiyyət bacarıqları və münaqişələrin sülh yolu ilə həlli kimi mövzular da diqqət mərkəzində saxlanılır.