30.04.2026

Saatlı və Sabirabad rayonlarında məktəblərdə geniş yoxlama və maarifləndirmə tədbirləri keçirilib

Saatlı rayonu və Sabirabad rayonu üzrə təhsil sektorlarının təşkilatçılığı, eləcə də rayon Polis Şöbələrinin dəstəyi ilə ümumtəhsil məktəblərində növbəti monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Yoxlamalar Saatlı rayonu Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbi və Sabirabad rayonu Böyükağa Ağayev adına Ulacalı kənd tam orta məktəbini əhatə edib.

 

Tədbirin məqsədi məktəblərdə təhlükəsizlik qaydalarının tətbiqi vəziyyətini qiymətləndirmək, şagirdlərin sağlam və təhlükəsiz mühitdə təhsil almasını təmin etmək, eyni zamanda profilaktik maarifləndirmə işlərini gücləndirmək olub.

 

Yoxlama zamanı məktəbə giriş-çıxış rejiminin təşkilinə xüsusi diqqət yetirilib. Şagirdlərin məktəbə daxil olarkən qarşılanması, onların nizamlı şəkildə sinif otaqlarına yönləndirilməsi prosesi müşahidə olunub. Bununla yanaşı, məktəbə gələn ziyarətçilərin qeydiyyatının aparılması və qəbul prosedurlarının qaydalara uyğunluğu da yoxlanılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində fövqəladə hallara hazırlıq səviyyəsi də dəyərləndirilib.

 

Yoxlamanın mühüm hissələrindən biri də polis əməkdaşlarının iştirakı ilə keçirilən profilaktik baxış olub. Dərs prosesinə daxil olan polis inspektoru şagirdlərlə ünsiyyət quraraq onların çantalarını və üzərlərində olan əşyaları yoxlayıb. Məktəbə gətirilməsi qadağan edilən əşyaların – kəsici-deşici alətlərin, tütün məmulatlarının və digər təhlükə yarada biləcək vasitələrin olub-olmaması araşdırılıb. Bu cür yoxlamaların əsas məqsədinin cəza deyil, təhlükəsizliyin təmin olunması olduğu şagirdlərə izah edilib.

 

Yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərdə məktəb qaydalarına əməl etməyin əhəmiyyəti, dərsə davamiyyətin rolu və məktəbli formasına riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Şagird davranışları, nizam-intizam qaydaları və sosial məsuliyyət mövzuları da müzakirə olunaraq gənclərin bu sahələrdə daha şüurlu və məsuliyyətli davranmasının önəmi vurğulanıb.


Açar sözlər: ,  ,