Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin Beyləqan rayonunun bir sıra ümumi təhsil müəssisələrinə səfəri çərçivəsində mövcud vəziyyət yerində qiymətləndirilib, tədris prosesinin təşkili və keyfiyyət göstəricilərinin artırılması istiqamətində mühüm müzakirələr aparılıb.
Səfər zamanı idarə müdiri Beyləqan rayonu üzrə Birinci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbdə, Rəşxan Quliyev adına Yeni Mil qəsəbə tam orta ümumtəhsil məktəbində, İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbində, həmçinin Sirac Mehdiyev adına Yuxarı Aran qəsəbə tam orta məktəbində olub. Məktəblərdə tədris mühitinə baxış keçirilib, siniflərdə dərs prosesi izlənilib və şagirdlərin bilik səviyyəsi ilə maraqlanılıb.
Görüşlər çərçivəsində şagirdlərin inkişaf dinamikası, onların akademik nailiyyətlərinin yüksəldilməsi, eləcə də təlim-tərbiyə prosesində müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub. Müəllimlərin peşəkar inkişafı, metodiki dəstəyin gücləndirilməsi və innovativ tədris üsullarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, məktəb direktorları və pedaqoji heyətlə keçirilən görüşlərdə mövcud problemlər, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ətrafında açıq müzakirələr aparılıb. Təhsil işçiləri öz təklif və təşəbbüslərini səsləndirərək idarə rəhbərliyi ilə fikir mübadiləsi ediblər.