30.04.2026

“Gələcəyin insan resursları: şagirdlərin peşə seçimi və karyera planlamasında kollektiv məsuliyyət” mövzusunda konfrans keçirilib

Beyləqan rayonunda təhsilin keyfiyyətinin artırılması və məktəb-valideyn münasibətlərinin yeni müstəvidə inkişaf etdirilməsi məqsədilə növbəti valideyn konfransı keçirilib. Tədbir “Gələcəyin insan resursları: şagirdlərin peşə seçimi və karyera planlamasında kollektiv məsuliyyət” mövzusuna həsr olunub.

 

Konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov və ictimayyətin nümayəndələri iştirak edərək çıxışlar ediblər.

 

Konfransın əsas məqsədi gənclərin düzgün ixtisas seçimi etmələrində təkcə məktəbin deyil, eyni zamanda valideynlərin və cəmiyyətin birgə məsuliyyət daşıdığını vurğulamaqdan ibarət olub.

 

Konfransada müasir əmək bazarı - gələcəyin peşələri və şagirdlərin bu dəyişikliklərə hazırlanması, valideyn-məktəb əməkdaşlığı - şagirdin istedad və maraqlarının üzə çıxarılmasında valideynin rolu və psixoloji dəstək - peşə seçimi zamanı yeniyetmələrə göstərilən kollektiv dəstəyin vacibliyi kimi məsələlər müzakirə olunub.

 

Çıxışlarda qeyd edilib ki, müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsi üçün şagirdlərin potensialının erkən yaşlardan müəyyən edilməsi strateji əhəmiyyət kəsb edir. Şagirdlərin gələcək həyat yolunun müəyyənləşdirilməsində yalnız məktəbin deyil, eyni zamanda valideynlərin və cəmiyyətin birgə məsuliyyət daşıdığını vurğulayıblar.

 

Bildirilib ki, əmək bazarının sürətlə dəyişdiyi bir dövrdə şagirdlərin maraq və bacarıqlarına uyğun peşə seçimi etməsi olduqca vacibdir. Bu prosesdə erkən yaşlardan düzgün istiqamətləndirmə, peşə yönümlü maarifləndirmə və fərdi yanaşma əsas rol oynayır. Qeyd olunub ki, valideynlər övladlarının seçimlərinə təsir göstərərkən onların potensialını, maraqlarını və psixoloji xüsusiyyətlərini nəzərə almalıdırlar.

 

Çıxışlar zamanı karyera planlamasının yalnız ali təhsil seçimi ilə məhdudlaşmadığı, peşə təhsili və alternativ inkişaf yollarının da nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, məktəblərdə karyera yönümlü tədbirlərin təşkili, şagirdlərə müxtəlif peşələr haqqında məlumat verilməsi və real əmək bazarı ilə əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.

 

Konfransda “kollektiv məsuliyyət” anlayışı xüsusi olaraq önə çəkilib. Qeyd edilib ki, müəllimlər, məktəb rəhbərliyi, psixoloqlar və valideynlər arasında sıx əməkdaşlıq olmadan şagirdlərin düzgün peşə seçimi etməsi çətinləşir. Bu baxımdan məktəb-valideyn münasibətlərinin gücləndirilməsi və davamlı dialoqun qurulması vacib hesab olunub.

 

Tədbir zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, valideynləri maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr verilib. Valideynlərə övladlarının gələcək planlarına dəstək olmaq, onların maraqlarını kəşf etmələrinə şərait yaratmaq və qərarvermə prosesində yönləndirici rol oynamaq tövsiyə olunub.