Beyləqan rayonunda ümumi təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən görüş təhsil sahəsində qarşıda duran əsas prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasovnun iştirakı ilə təşkil olunan görüşdə rayon ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri, eləcə də VI siniflərdə tədris dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi əsas müzakirə mövzusu olub. Çıxış edənlər qeyd ediblər ki, müasir dövrün tələbləri təhsil sistemində daha çevik, effektiv və nəticəyönümlü yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan tədris prosesinin təkmilləşdirilməsi, innovativ metodların tətbiqi və müəllim fəaliyyətinin stimullaşdırılması xüsusi önəm daşıyır.
Görüşdə həmçinin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə toxunulub. Bildirilib ki, şagirdlərin analitik düşünmə, problem həll etmə və müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması təhsilin əsas məqsədlərindən biridir və bu istiqamətdə müəllimlərin rolu əvəzsizdir.
Müzakirələrin mühüm hissəsini qarşıdan gələn monitorinqlərə hazırlıq məsələləri təşkil edib. IV və VI siniflər üzrə keçiriləcək qiymətləndirmələrin əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, bu proseslər şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə yanaşı, tədris keyfiyyətinin ümumi mənzərəsini müəyyən etməyə imkan yaradır. Bu səbəbdən müəllimlərin və məktəb rəhbərlərinin hazırlıq işlərini daha sistemli və intensiv şəkildə aparmaları tövsiyə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, təklif və fikirləri dinlənilib.