Beyləqan şəhər Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbdə şagirdlərin marağına səbəb olan fərqli və müasir yanaşmalı dərs təşkil olunub. Təbiət fənni üzrə keçirilən inteqrasiya olunmuş ustad dərs həm öyrədici, həm də praktik baxımdan yadda qalan olub.
5-ci sinifdə “Vulkanlar necə yaranır?” mövzusuna həsr olunan dərs coğrafiya müəllimi Natiq Əliyev və kimya müəllimi Suqra Əlizadənin birgə əməkdaşlığı ilə aparılıb. Dərsin əsas fərqləndirici cəhəti isə mövzunun yalnız nəzəri deyil, eyni zamanda vizual və praktik üsullarla izah olunması olub.
Şagirdlər vulkanların yaranma mexanizmini sadə və anlaşıqlı dillə öyrənməklə yanaşı, kimya müəllimi tərəfindən təşkil edilən süni vulkan reaksiyasını böyük maraqla izləyiblər. Bu kiçik “təcrübə şousu” mövzunun daha dərindən qavranılmasına kömək edib və dərsə xüsusi dinamika qatıb.
Eyni zamanda, coğrafiya müəllimi vulkanların quruluşu, yayılma arealları və fəaliyyət xüsusiyyətlərini vizual materiallar vasitəsilə izah edərək şagirdlərin mövzuya baxışını daha da genişləndirib. Müxtəlif fənlərin bir dərsdə birləşdirilməsi şagirdlərin həm məntiqi, həm də analitik düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərib.
İnteraktiv mühitdə təşkil olunan bu ustad dərs şagirdlərin fəal iştirakını təmin etməklə yanaşı, onların öyrənməyə marağını da artırıb.