04.05.2026

İmişli rayonunda idman və həmrəylik ruhunu əks etdirən tədbir baş tutub

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş voleybol yarışı rayon təhsil ictimaiyyətini bir araya gətirib.

 

Yarış İmişli şəhər Aslan Eminov adına 7 nömrəli tam orta məktəbdə keçirilib. Tədbir İmişli rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli rayon komitəsinin təşkilatçılığı ilə keçirilib.

 

Turnirdə rayonun müxtəlif ümumtəhsil müəssisələrində çalışan müəllimlərdən ibarət 7 komanda iştirak edib. Oyunlar gərgin mübarizə və yüksək idman ruhu şəraitində keçib. Sonda Otuziki kənd tam orta məktəbinin “Zəfər” komandası bütün rəqiblərini geridə qoyaraq qalib adını qazanıb.

 

Qalib komanda təşkilatçılar tərəfindən diplomlarla təltif olunub. Bununla yanaşı, yarışın yüksək səviyyədə təşkilində göstərdikləri dəstəyə görə İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərliyi və əməkdaşları təşəkkürnamə ilə mükafatlandırılıb.

 

Bu cür tədbirlər yalnız idmanın inkişafına deyil, eyni zamanda müəllimlər arasında birlik və əməkdaşlığın güclənməsinə də mühüm töhfə verir.


Açar sözlər: ,  ,