Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə idarənin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, idarənin digər əməkdaşları və Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova iştirak ediblər. Görüşə rayonun bir qrup ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri və VI siniflərdə tədris dili, riyaziyyat fənlərini tədris edən müəllimlər qatılıblar.
Görüşün məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyətin dəyərləndirilməsi və qarşıda duran prioritetlərin müəyyənləşdirilməsi olub. Çıxışlar zamanı bildirilib ki, müasir dövrün tələblərinə uyğun, çevik və nəticəyönümlü tədris modelinin formalaşdırılması artıq zərurətə çevrilib. Bu baxımdan müəllimlərin peşəkar inkişafı, dərs prosesində innovativ yanaşmaların tətbiqi və şagirdyönümlü təlim mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda qarşıdakı monitorinqlərə hazırlıq məsələləri diqqət mərkəzində olub. IV və VI siniflər üzrə keçiriləcək qiymətləndirmələrin əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu proseslər şagirdlərin real bilik və bacarıqlarının ölçülməsi baxımından mühüm rol oynayır. Bu istiqamətdə məktəblərdə intensiv hazırlıq işlərinin aparılması, müəllimlərin metodiki dəstəklə təmin olunması zəruri hesab edilib.
Görüşdə şagirdlərin fənn olimpiadaları və müxtəlif intellektual müsabiqələrdə iştirak səviyyəsinin artırılması da əsas mövzulardan biri olub. Bu sahədə əldə olunan nəticələrin təhlili aparılıb, daha yüksək göstəricilərə nail olmaq üçün yeni yanaşmalar və planlaşdırılan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonda qeyd olunub ki, təhsildə keyfiyyətin artırılması yalnız birgə əməkdaşlıq və sistemli fəaliyyət nəticəsində mümkündür.