07.05.2026

“Heydər Əliyev irsini öyrənirik” mövzusunda seminar keçirilib

Beyləqan rayonu üzrə təhsil sektoru, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı, Beyləqan Rayon Heydər Əliyev Mərkəzi və Beyləqan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda seminar keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

 

Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli həyat yolu və zəngin siyasi fəaliyyətini əks etdirən ekspozisiya zalı ilə tanış olublar. Seminar çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filmi nümayiş etdirilib.

 

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, təhsil sahəsinin yüksəlişi və dövlətimizin beynəlxalq arenada nüfuzunun artması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin zəngin dövlətçilik irsi bu gün də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıyır.

 

Seminar iştirakçıları Heydər Əliyev ideyalarının öyrənilməsi və təbliğinin cəmiyyət üçün vacibliyini xüsusi vurğulayıblar.


Açar sözlər: ,  ,  ,