07.05.2026

Səməd Vurğun Poeziyası məktəbləri birləşdirdi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə Sabirabad və Gəncə məktəblərini bir araya gətirən maraqlı və yadda qalan onlayn bilik yarışı keçirilib.

 

Tədbir Sabirabad şəhəri Nəriman Nərimanov adına 2 nömrəli beynəlmiləl, təbiət və texniki fənlər təmayüllü məktəb-lisey və Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə onlayn formatda təşkil olunub.

 

Google Meet ilə körpü yaradılaraq Kahoot platforması üzərindən bilik yarışı iki fərqli şəhərin məktəblərini eyni məqsəd ətrafında birləşdirərək şagirdlər arasında həm bilik, həm də dostluq mühiti formalaşdırılıb. Tədbir iştirakçıların yüksək fəallığı, maraqlı çıxışları və gərgin rəqabəti ilə yadda qalıb. Yarış boyu şagirdlər Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı, poeziyası, dramaturgiyası və Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli əsərlər haqqında biliklərini nümayiş etdiriblər.

 

Tədbirin əsas təşəbbüskarları və təşkilatçıları hər iki məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Elvira Allahverdiyeva (Sabirabad şəhər 2 nömrəli məktəb-lisey) və Səadət Məmmədova (Gəncə şəhər 17 nömrəli məktəb) olublar.

 

Tədbirin əsas məqsədi Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsini gənc nəslə daha yaxından tanıtmaq, şagirdlərdə klassik ədəbiyyata marağı artırmaq, eyni zamanda onların rəqəmsal platformalarda ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək olub.


Açar sözlər: ,  ,  ,