08.05.2026

Beyləqanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Beyləqan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri təşkil olunub. Uşaq, yeniyetmə və gənclər arasında keçirilən rayon turniri Beyləqan rayonu üzrə təhsil sektoru, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov, Beyləqan rayon gənclər və idman sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları Beyləqan şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Çıxış edənlər Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışaraq bildiriblər ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, şahmatın və ümumilikdə idmanın inkişafına da xüsusi diqqət ayırıb. Qeyd olunub ki, onun təşəbbüsü ilə ölkənin müxtəlif şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri yaradılıb, gənc nəslin sağlam və intellektual inkişafı istiqamətində mühüm addımlar atılıb.

 

Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər və idman siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə şahmatın inkişafı və gənc istedadların üzə çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda qalib idmançılar medal və diplomlarla təltif olunublar.


Açar sözlər: ,  ,  ,  ,