08.05.2026

“Nə? Harada? Nə zaman?” oyunu üzrə bilik yarışı keçirilib

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə bilik yarışı keçirilib.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan yarış gənclərin intellektual potensialının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda formalaşdırılması və Ümummilli Liderin zəngin dövlətçilik irsinin təbliği məqsədi daşıyıb.

 

Bilik yarışında Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərini təmsil edən şagirdlərdən ibarət 10 komanda iştirak edib. Yarış boyunca iştirakçılar müxtəlif mövzular üzrə bilik və məntiq bacarıqlarını nümayiş etdirərək yüksək hazırlıq səviyyəsi ilə seçiliblər.

 

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov belə intellektual yarışların məktəblilərin dünyagörüşünün genişlənməsində, onların vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları və siyasi irsi bu gün də gənc nəslin inkişafında mühüm istiqamətverici amillərdən biridir. Çıxışlarda qeyd olunub ki, gənclərin tarixini, milli dəyərlərini və dövlətçilik ənənələrini dərindən mənimsəməsi onların gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə mühüm töhfə verir.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Sabirabad rayonunu təmsil edən “Türksoy” komandası I yerə layiq görülüb. Həmin rayonun “Turan” komandası II yeri qazanıb. III yerə isə Beyləqan rayonunun “Xarı bülbül” komandası sahib olub.

 

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif olunub, iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb.


Açar sözlər: ,  ,  ,  ,