09.05.2026

“Sözümüz, şeirimiz onun yolunda” adlı şeir müsabiqəsi keçirilib

İmişli rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Sözümüz, şeirimiz onun yolunda” adlı şeir müsabiqəsi keçirilib. Rayonun bir qrup ümumtəhsil məktəb şagirdinin iştirakı ilə təşkil olunan müsabiqə gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği və Ulu öndər Heydər Əliyevin zəngin irsinin məktəblilər arasında təşviq olunması məqsədi daşıyıb.

 

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik ideyaları, xalqına və vətəninə bağlılığı bu gün də gənclər üçün örnəkdir. Bildirilib ki, belə müsabiqələr şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, nitq mədəniyyətinin formalaşdırılması və onların milli dəyərlərə bağlı ruhda yetişməsində mühüm rol oynayır.

 

Müsabiqə zamanı məktəblilər Ulu öndər Heydər Əliyevə həsr etdikləri şeirlərlə çıxış ediblər. Şagirdlərin təqdimatlarında vətən sevgisi, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və Azərbaycançılıq ideyaları xüsusi yer alıb. İştirakçıların emosional və təsirli çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Şagirdlərin çıxışları münsiflər heyəti tərəfindən məzmun, səhnə mədəniyyəti, nitq bacarığı və təqdimetmə meyarları əsasında qiymətləndirilib.

 

Münsiflər heyətinin yekun qərarına əsasən:

İmişli rayonu Məhəmməd Məhəmmədov adına Muradxanlı kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Zeynəb Fərmanlı I yerə;

İmişli rayonu İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Aydan Əliyeva II yerə;

Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi Şəhrizad Qənbərli isə III yerə layiq görülüblər.

 

Müsabiqənin sonunda qaliblər diplomlarla təltif olunub, iştirakçılara isə uğurlar arzulanıb.


Açar sözlər: ,  ,  ,