12.05.2026

Monitorinq səfərləri davam edir

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbər heyəti tərəfindən ümumtəhsil məktəblərində tədris mühitinin öyrənilməsi və mövcud vəziyyətin yerində qiymətləndirilməsi istiqamətində həyata keçirilən monitorinq səfərləri davam edir.

 

Bu çərçivədə idarənin müdir müavini Rabil Şahbazov İmişli rayonunun bir neçə ümumtəhsil müəssisəsində olub.

 

Səfər zamanı Fikrət Cəbrayılov adına Şahverdili kənd tam orta məktəbi, Sarıxanlı kəndi İlham Allahverdiyev adına 3 nömrəli tam orta məktəb, Sarıxanlı kəndi Əli Xankişiyev adına 2 nömrəli tam orta məktəb və Sarıxanlı kəndi Vətən Novruzov adına 1 nömrəli tam orta məktəbində tədris prosesi yerində müşahidə edilib. Məktəblərdə sinif otaqlarının ümumi vəziyyəti, şagirdlərin dərsə davamiyyəti, nizam-intizam məsələləri və tədrisin təşkili diqqət mərkəzində olub.

 

Müəllim və şagirdlərlə keçirilən görüşlər zamanı təhsil mühitinin daha da yaxşılaşdırılması, dərslərin keyfiyyətinin artırılması və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Rabil Şahbazov dərs proseslərini izləyərək müəllimlərin fəaliyyəti ilə yaxından tanış olub, onların tədris prosesində qarşılaşdıqları məsələləri dinləyib və bir sıra praktik tövsiyələrini bölüşüb.

 

Görüşlərdə tədris resurslarından səmərəli istifadə, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagird nailiyyətlərinin yüksəldilməsi və sağlam məktəb mühitinin formalaşdırılması kimi mühüm mövzular geniş müzakirə olunub. Məktəb rəhbərləri və pedaqoji kollektivlə aparılan səmimi dialoq qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib.

 

Səfər çərçivəsində məktəb kollektivlərinin fikir və təklifləri diqqətlə dinlənilib, onları narahat edən məsələlərə münasibət bildirilib.


Açar sözlər: ,  ,  ,