14.05.2026

Buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş iclas keçirilib

Mayın 13-də İmişli rayonu üzrə ümumi təhsil müəssisələrinin 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş geniştərkibli iclas keçirilib. Görüşdə rayonun məktəb direktorları, direktor müavinləri, həmçinin məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

İclasın əsas məqsədi 2025–2026-ci tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin təhlili, mövcud problemlərin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrin müzakirəsi olub.

 

Tədbirdə çıxış edən Elşad Uğurliyev rayon üzrə əldə olunan nəticələri ətraflı şəkildə təhlil edib. O, yüksək nəticə göstərən təhsil müəssisələrinin fəaliyyətini müsbət qiymətləndirərək, uğurlu təcrübələrin digər məktəblərdə də tətbiqinin vacibliyini vurğulayıb. Bununla yanaşı, zəif nəticə göstərən məktəblərlə bağlı irad və tövsiyələr səsləndirilib, mövcud çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

 

Müzakirələr zamanı şagird nailiyyətlərinin artırılması, dərslərin keyfiyyətinin yüksəldilməsi, müəllim-valideyn-şagird əməkdaşlığının gücləndirilməsi və davamiyyətə nəzarətin artırılması kimi məsələlər ön plana çəkilib. Bildirilib ki, növbəti tədris ilində nəticələrin daha da yaxşılaşdırılması məqsədilə tədris prosesinin səmərəli təşkili, fərdi yanaşmanın tətbiqi və zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlərin keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

 

İclas çərçivəsində təhsil müəssisələrində nizam-intizam qaydalarına əməl olunmasının vacibliyi də xüsusi qeyd olunub. Məktəblərdə sağlam təhsil mühitinin formalaşdırılması, şagird davranışlarının nəzarətdə saxlanılması və pedaqoji kollektivin məsuliyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,