Beyləqan, İmişli, Sabirabad və Saatlı rayonlarında “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mil-Muğan Regional Təhsil İdarəsi və aidiyyəti rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Keçirilən görüşlərdə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər. Tədbirlərin əsas məqsədi ailələrin narkotik asılılığı ilə mübarizədə rolunu gücləndirmək, valideyn məsuliyyətinin vacibliyini diqqətə çatdırmaq və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə töhfə vermək olub.
Çıxış edənlər qeyd ediblər ki, müasir dövrdə narkotik vasitələr və psixotrop maddələr təkcə ayrı-ayrı şəxslər üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Bildirilib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunmasında ailə institutu mühüm rol oynayır. Valideynlərin övladları ilə sağlam ünsiyyət qurması, onların davranış və sosial çevrəsinə diqqət yetirməsi, psixoloji vəziyyətində baş verən dəyişiklikləri vaxtında müşahidə etməsi risklərin qarşısının alınmasında əsas amillərdən biridir.
Tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu ağır zərərlər, yaratdığı psixoloji, sosial və hüquqi fəsadlar barədə geniş məlumat verilib. Həmçinin iştirakçıların diqqətinə çatdırılıb ki, maarifləndirmə işinin gücləndirilməsi, ailə-məktəb əməkdaşlığının genişləndirilməsi və gənclərin sağlam həyat tərzinə təşviqi narkomaniyaya qarşı mübarizədə xüsusi əhəmiyyət daşıyır.
Sonda iştirakçılara “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, eləcə də “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar təqdim olunub.