18.05.2026

Mil-Muğan regionunda "Nə? Harada? Nə zaman?" oyunu üzrə çempionat keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı və "Kapital Bank"ın dəstəyi ilə "Təhsil Oyunları Platforması" layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə region çempionatı uğurla keçirilib.

 

Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli ümumi orta ümumtəhsil məktəbinin ev sahibliyi etdiyi yarışmada dörd rayondan - Beyləqan, İmişli, Sabirabad və Saatlıdan — ümumilikdə 19 məktəb komandası iştirak edib. Belə ki, Beyləqan rayonundan 11, Saatlı rayonundan 4, İmişli rayonundan 2 və Sabirabad rayonundan isə 2 komanda mübarizəyə qoşulub.

 

Gərgin intellektual mübarizə şəraitində keçən çempionatda şagirdlər bilik, çeviklik və komanda ruhu nümayiş etdirdilər. Yarışmanın yekunu olaraq Saatlı rayonunu təmsil edən komandalar lider mövqeləri tutmağı bacarıb: "Birlik" komandası birinci, "Enotita" komandası ikinci, "Unity" komandası isə üçüncü yeri qazanıb.

 

Çempionat Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə layiqli bir intellektual töhfə olaraq gənc nəslin bilik və mədəniyyətə olan marağını bir daha nümayiş etdirib.

 

Saatlı rayonunun istedadlı şagirdlərini bu uğurlu nəticə münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!


Açar sözlər: ,  ,  ,