2026/2027-ci tədris ilinə hazırlıq çərçivəsində Qarabağ Universiteti tərəfindən abituriyentlər üçün genişmiqyaslı maarifləndirici və tanışlıq xarakterli görüşlər təşkil olunub. Görüşlər Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdlərini əhatə edib.
İmişli şəhərində keçirilən tədbirlərdə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon məktəblərinin yüksək akademik göstəriciləri ilə seçilən şagirdləri iştirak ediblər. Məqsəd abituriyentləri Qarabağ Universitetinin təhsil imkanları, akademik mühiti və gələcək perspektivləri ilə yaxından tanış etmək olub.
İxtisas qrupları üzrə təşkil olunan görüşlər iki fərqli məkanda paralel şəkildə həyata keçirilib. Tədbirlər zamanı universitet nümayəndələri tərəfindən Qarabağ Universitetinin missiyası, strateji hədəfləri və ölkənin ali təhsil məkanında tutduğu mühüm rol barədə ətraflı məlumat verilib. Bildirilib ki, universitet yalnız peşəkar mütəxəssis hazırlığını deyil, eyni zamanda milli dəyərlərə bağlı, vətənpərvər və müasir dünyagörüşlü gənclərin yetişdirilməsini əsas prioritetlərdən biri hesab edir.
Abituriyentlərə universitetdə tədris olunan ixtisas proqramları, müasir akademik məzmun, innovativ tədris yanaşmaları və tələbələr üçün yaradılmış imkanlar haqqında təqdimatlar edilib. Həmçinin universitetin maddi-texniki bazası, müasir auditoriyaları, laboratoriyaları və tələbələrin sosial inkişafını dəstəkləyən kampus mühiti barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində universitetin fəaliyyəti və inkişaf konsepsiyasını əks etdirən videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb. Abituriyentlər universitetə qəbul şərtləri, ixtisas seçimləri və təhsil imkanları ilə bağlı onları maraqlandıran çoxsaylı sualları ünvanlayaraq ətraflı cavablar əldə ediblər.