19.05.2026

“Ayın idman növü” layihəsi uğurla davam edir

Ümumi təhsil müəssisələrində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların fiziki və intellektual inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilən “Ayın idman növü” layihəsi uğurla davam edir.

 

Layihə çərçivəsində hər ay müxtəlif idman növləri üzrə təşkil olunan yarışlar məktəblilər tərəfindən böyük maraqla qarşılanır, onların sağlam həyat tərzinə marağının artırılmasına və idmana olan sevgisinin güclənməsinə mühüm töhfə verir.

 

Bu ay layihə çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında velosiped və atletika idman növləri üzrə yarışlar təşkil olunub. Yarışların keçirilməsində əsas məqsəd şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və onların asudə vaxtlarının daha səmərəli təşkilinə şərait yaratmaq olub.

 

Velosiped yarışı zamanı iştirakçılar müəyyən edilmiş marşrut üzrə öz çeviklik, dözümlülük və sürət bacarıqlarını nümayiş etdiriblər. Şagirdlər yarışa yüksək motivasiya ilə qatılaraq həm idman ruhunu, həm də sağlam rəqabət nümunəsini ortaya qoyublar. Təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilən yarışda iştirakçıların təhlükəsiz və rahat şəraitdə çıxış etmələri təmin edilib.

 

Atletika yarışları isə müxtəlif yaş qrupları üzrə keçirilib. Qaçış, estafet və digər atletika növlərində iştirak edən məktəblilər öz fiziki imkanlarını sınamaqla yanaşı, iradə və mübarizlik keyfiyyətlərini də nümayiş etdiriblər.


Açar sözlər: ,  ,