İmişli rayonunda gənclərin sağlam həyat tərzinə təşviqi, onların zərərli vərdişlərdən uzaq saxlanılması və narkomaniyaya qarşı mübarizə istiqamətində növbəti maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər İmişli rayon prokurorluğu və İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 1, 2, 5, 7 və 8 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.
“Gələcəyini qoru, narkotikə yox de!” mövzusuna həsr olunan görüşlərdə şagirdlərlə açıq müzakirələr aparılıb, narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib. Çıxış edənlər xüsusilə yeniyetmə və gənclərin sağlam düşüncəli, savadlı və vətənpərvər ruhda formalaşmasının vacibliyini vurğulayıblar.
Görüşlərdə çıxış edən İmişli rayon prokuroru Valeh Səmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələrdən danışaraq bildirib ki, bu bəla yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin gələcəyinə ciddi təhdid yaradır. O, gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin mühüm rol oynadığını diqqətə çatdırıb.
İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev isə çıxışında məktəblərdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların elmə, idmana və sosial fəaliyyətlərə yönləndirilməsi sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Tədbirlər zamanı iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən məlumatlar təqdim olunub, mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.