21.05.2026

“Oxu dəqiqələri” layihəsi uğurla davam edir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəyə marağının artırılması, oxu mədəniyyətinin formalaşdırılması və kitab sevgisinin təşviqi məqsədilə həyata keçirilən “Oxu dəqiqələri” layihəsi uğurla davam edir.

 

Layihə çərçivəsində məktəblərdə yaradılan oxu mühiti şagirdlərin həm dünyagörüşünün genişlənməsinə, həm də onların nitq, düşünmə və təhliletmə bacarıqlarının inkişafına mühüm töhfə verir.

 

“Oxu dəqiqələri” təşəbbüsü məktəblərdə yalnız bir fəaliyyət kimi deyil, həm də uşaqların daxili aləminə toxunan, onları kitabla dostlaşdıran xüsusi bir maarifləndirici platforma kimi qarşılanır. Layihə çərçivəsində müxtəlif yaş qruplarından olan şagirdlər üçün onların maraq dairəsinə, psixoloji xüsusiyyətlərinə və inkişaf səviyyələrinə uyğun bədii mətnlər seçilir. Seçilən əsərlər uşaqların yaş xüsusiyyətlərinə uyğun olmaqla yanaşı, onların emosional inkişafına, milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə və yaradıcı təfəkkürünün formalaşmasına xidmət edir.

 

Şagirdlər oxuduqları mətnlər ətrafında fikir mübadiləsi aparır, qəhrəmanları təhlil edir, əsərlərdə verilən mesajlar haqqında düşüncələrini bölüşür və yaradıcı tapşırıqlarda iştirak edirlər.


Açar sözlər: ,  ,  ,