Sabirabad rayonunda keçirilən “Şahin” hərbi-idman oyununun zona mərhələsi gənclərin böyük marağı və yüksək ruh yüksəkliyi ilə baş tutub.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, bu cür yarışlar iştirakçıların fiziki hazırlığının artırılması, ilkin hərbi biliklərə yiyələnməsi, intizam, məsuliyyət və komanda ruhunun formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, uzun illərdir təşkil edilən “Şahin” hərbi-idman oyunu gənclərdə Vətənə sevgi, dövlətçilik ənənələrinə bağlılıq və liderlik keyfiyyətlərinin inkişafına mühüm töhfə verir. Eyni zamanda yarış iştirakçıların çeviklik, dözümlülük və operativ qərarvermə bacarıqlarının inkişaf etdirilməsi baxımından da önəmli platforma hesab olunur.
Yarış zamanı komandalar sıra hazırlığı, maneələrin dəf olunması, turnikdə dartınma və digər hərbi-idman normativləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Saatlı rayonunun komandası I yerə layiq görülərək final mərhələsinə vəsiqə qazanıb.
Sonda qalib komanda və iştirakçılar təltif olunub, onlara gələcək mərhələlərdə uğurlar arzulanıb.