Müasir tədris metodlarının tətbiqi və məktəblərarası əməkdaşlığın genişləndirilməsi məqsədilə İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəb və Beyləqan rayonu Aqil Budaqov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdlərinin iştirakı ilə onlayn formatda nümunəvi dərs təşkil olunub.
Google Meet ilə körpü yaradılaraq ingilis dili fənni üzrə keçirilən dərs “Dinləmə: Dəyişiklik yaradan şəxslə müsahibə” mövzusuna həsr edilib. İnteraktiv üsullarla təşkil olunan dərs zamanı şagirdlər dinləmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, mövzu ətrafında fikir mübadiləsi aparıb, müxtəlif tapşırıqları yerinə yetirərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Dərsin əsas məqsədi şagirdlərin xarici dil üzrə ünsiyyət və dinləmə bacarıqlarının təkmilləşdirilməsi, onların analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və müasir tədris yanaşmalarına marağın artırılması olub. Tədris prosesi boyunca şagirdlər fəallıq nümayiş etdirərək verilən sualları cavablandırıb, mövzu ilə bağlı təqdim olunan materiallar üzərində müzakirələr aparıblar.
Layihənin təşəbbüskarı Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Elnurə Kazımova və iştirakçıları isə hər iki məktəbin ingilis dili müəllimləri Günay İbrahimova (İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi) və Leyla Hüseynova (Beyləqan rayonu Aqil Budaqov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəb) olublar.
Müəllimlər qeyd ediblər ki, bu cür birgə onlayn dərslər şagirdlərin həm akademik biliklərinin artırılmasına, həm də müxtəlif bölgələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmasına geniş imkan yaradır.