Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlər zamanı şagirdlərə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi və əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu günün qeyd olunması ilə bağlı qərar 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qəbul edilib və məqsəd bütün dünyada uşaqların hüquqlarının qorunmasına diqqətin artırılmasıdır.
Çıxışlarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların sağlam, təhlükəsiz və firavan şəraitdə böyüməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Vurğulanıb ki, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin uşaqlara xüsusi münasibətindən, onların gələcəyin qurucuları kimi yetişməsinə verdiyi önəmdən danışıblar. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqların təhsilinin, sağlamlığının və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır, onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır.
Bayram tədbirləri şagirdlərin təqdim etdikləri maraqlı bədii proqramlarla davam edib. Onlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar səsləndirib, müxtəlif rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.